Viza Məlumatları

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.

  1. Birdəfəlik giriş vizası – bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
  2. Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
  3. Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:

  1. İşgüzar
  2. Elm
  3. Təhsil
  4. Əmək
  5. Turizm
  6. Mədəniyyət
  7. İdman
  8. Humanitar
  9. Müalicə
  10. Şəxsi səfər

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

 

 

 

ASAN Viza

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə vizaların rəsmiləşdirilməsi dayandırılıb.

Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur.


ASAN VİZA

“ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.


Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir. 

ƏTRAFLI MƏLUMAT ÜÇÜN KLİKLƏYİN